16
İyn

Bud-Çanaq oynağı artroplastikası

Artroplastika – öz funksiyalarını yetirə bilməyən ağrılı oynağın süni oynaqla əvəz edilməsidir. Eyni zamanda oynağın funksiyasını bərpa etmək üçün və ağrılardan azad olunmaq üçün həyata keçirilən cərrahi əməliyyat  növüdür. Bir sıra xəstəliklərdə xüsusən artrit və oynaq travmaları zamanı funksiyası itirilmiş oynaq hissələri polad, titan, vanadiyum, alminium, kobalt, xrom, keramika kimi  materiallardan hazırlanmış hissələr ilə dəyişdirilir, oynaqda ağrısız hərəkət  bərpa edilir.

Bud-çanaq oynağı artroplastikası (bud-çanaq  oynağı endoprotezi)

Bud çanaq oynağının  artroplastikası ortopediyada tez-tez icra olunan cərrahi əməliyyat növüdür. Artroplastika zamanı bud-çanaq oynağının artrozları fonunda inkişaf edən dəyişikliklər və bud sümüyünün yuxarı ucunun (bud sümüyü boynunun və başının) sınıqlarında (xüsusən yaşlı insanlarda ) yaranan ağrı, hərəkət məhdudluğunu aradan qaldırmaq məqsədi ilə icra olunur.

Belə xəstələrdə  konservativ müalicə metodlarının tətbiq edilməsinə baxmayaraq, xəstələrin şikayətləri davam edir və son müalicə seçimi olaraq artroplastika əməliyyatı seçilir. Bud – çanaq oynağının artroplastikası zamanı oynağın zədələnmiş sümük və qığırdaq toxumaları təmizlənir, yerinə metal, keramika və polietilendən təşkil olunmuş yeni oynaq hissələri  yerləşdirilir. Bud sümüyü başının avaskulyar nekrozunda oynaq başını qidalandıran damar strukturlarında zədələnmə yaranır. Bu halda bud sümüyü başının sümük və qığırdaq hissələri  çökmələrə  məruz qalır ki, bu da nəticədə  struktur dəyişikliyinə  gətirib çıxarır. Belə hallarda bud-çanaq oynağının artroplastikası cərrahi əməliyyatı üçün zərurət yaradır.

Bud-çanaq oynağının  artroplastikası  yalnız bud-çanaq oynağı artrozlarında deyil, həmçinin yuxarıda qeyd olunduğu kimi travmalar zamanı bud sümüyünün yuxarı ucunun (bud sümüyü boynunun və başının) sınıqlarında bu nahiyyənin psevdoartrozlarında da tətbiq olunur. Bud-çanaq oynağı artroplastikası xəstələrin həyat fəaliyyətinin yaxşılaşmasına yönəldilmiş əməliyyat növüdür. Cərrahi əməliyyatın nə vaxt icra olunacağı xəstənin və cərrahın verəcəyi qərardan asılıdır. Xəstələrin vəziyyətini nəzərə alaraq cərrah xəstə üçün uyğun cərrahi metodun və implantın seçilməsinə qərar verir.

Total bud-çanaq oynağının artroplastikası

Oynaq artroplastikası zamanı komponentlər iki yolla fiksasiya edilir. Sementlə və sementsiz  bud-çanaq oynağının artroplastikası.

Sementli bud-çanaq oynağı artroplastikasıda endoprotez sümüyə polimetil metakrilat adlandırılan tibbi bir yapışdırıcı ilə fiksasiya olunur. 1950-ci ildən istifadə edilməsinə başlanılmış ilk endoprotezlər zamanı sementlə fiksasiya istifadə edilmişdir. Uğurlu implantasiya zamanı sementli  bud-çanaq endoprotezi uzun illər problem yaratmadan istifadəsi mümkündür. Üçüncü nəsil sementləmə texnikasının istifadəsi sementli bud-çanaq oynağı artroplastkasının ömrü uzanmasına səbəb olmuşdur. Sementlənəcək sahənin, yüksək təzyiqli su ilə yuyulması, tam qurudulması və sementləmənin yüksək qatılıqda maye şəklində olan sementlə istifadə edilməsi üçüncü nəsil sementləmə texnikasıdır.  Yaşlı, sümüklərdə ciddi osteoparozu olan xəstələrdə sementli  endoprotezlərin istifadə edilməsi  məqsədə uyğundur.

Sementsiz endoprotezlər sirkə kasasına və bud sümüyü kanalına sement istifadə olunmadan yerləşdirilir. Ətraf sümük toxuması ilə implant komponentləri arasında 6-8 həftə ərzində bitişmə yaranır. Yaşlı və ciddi bir osteoparoz xaricində müasir dövrdə semetsiz endoprotezlər istifadə edilməkdədir.

İstifadə edilən materiallara görə aşağıdakı  növləri  vardır:

Metal baş – plastik oynaq çuxuru. İlk dizayn edilən və uzun illərdir istifadə edilən endoprotez tipidir. Son zamanlarda polietilendən  hazırlanan plastik oynaq çuxuru texnologiyanın inkişafı nəticəsində keramik oynaq çuxuruna bənzər dözümlülükdədir.

Keramik  baş – keramik oynaq çuxuru. Son illərdə istifadə edilməyə başlanan və sürtünməyə qarşı çox dözümlü olan bir sistemdir. Gənc, aktiv və bədən çəkisi çox olmayan qadınlarda istifadə edilməsinə üstünlük verilir.

Keramik baş – plastik oynaq çuxuru. Gənc, aktiv və bədən çəkisi az olan xəstələrdə istifadəsinə üstünlük verilir. Sürtülməyə qarşı dözümü olan bir sistemdir.

Müəllif

Dr. İlqar Qasımov

Ortoped travmatoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.
Bu yazını yaxınlarınızla paylaşın